|
QAFQAZ TƏDQİQAT RESURS MƏRKƏZİNİN YENİ
LAYİHƏSİNİN NƏTİCƏLƏRİ TƏQDİM OLUNMUŞDUR
[25 Oktyabr, 2005, 17:52:23]
AzərTAc
xəbər verir ki, oktyabrın 25-də “Avropa” mehmanxanasında
Avrasiya Fondunun Qafqaz Tədqiqat Resurs Mərkəzinin
(Azərbaycan) 2005-ci il məlumat toplanması təşəbbüsü
sorğusunun nəticələrinin təqdimatı olmuşdur.
Demoqrafiya, təhsil, miqrasiya, iqtisadi davranış,
səhiyyə, siyasi fəaliyyət, sosial təsisatlar və cinayət
kimi müxtəlif sahələri əhatə edən sorğu 2004-2005-ci
illərdə Cənubi Qafqazın üç ölkəsində aparılmışdır.
Təqdimat mərasimini Avrasiya Fondunun Azərbaycan
üzrə direktoru Camal Şahverdiyev açaraq, Fondun və onun
Qafqaz Tədqiqat Resurs Mərkəzinin fəaliyyətindən
danışmışdır. Sonra mərkəzin direktoru Lətif Kəngərlinski
sorğunun ilkin nəticələrini açıqlamışdır. Qeyd
olunmuşdur ki, iki il ərzində Bakıda və ölkəmizin
rayonlarında keçirilmiş sorğuda, əsasən, 18-30
yaşlarında respondentlər iştirak etmişlər. Demoqrafiya
bölməsində verilən sualların nəticələrinə görə, ötən il
rəyi soruşulanların 21,3 faizi, bu il isə 22,6 faizi
dövlət müəssisələrində çalışır, iş axtaran işsizlərin
sayı, müvafiq olaraq, 21,1 faiz və 13,4 faizdir.
İşsizlərin sayı (qadınlar 15,80 faiz, kişilər 29,30
faiz), ümumilikdə, Cənubi Qafqaz regionu ilə müqayisədə
(qadınlar 19,80 faiz, kişilər 37,80 faiz) aşağıdır.
Sorğu iştirakçılarının 97 faizi orta, natamam ali və ya
ali təhsilli vətəndaşlardır. “Təhsilinizi başa
çatdırdıqdan sonra ölkənizdə iş tapacaqsınızmı?” sualına
ötən il respondentlərin 65 faizi müsbət cavab
vermişdisə, bu il həmin göstərici 70 faizdən çoxdur.
2004-cü ildə sorğuda iştirak edənlərin 51,4 faizi,
2005-ci ildə isə 53,6 faizi ölkəmizin düzgün istiqamətdə
inkişaf etdiyini bildirmişdir. Cənubi Qafqaz üzrə bu
göstərici 2005-ci ilin nəticələrinə görə 50,2 faizdir.
"Təklif olunan məqsədlərdən hansı üçünü ölkəmiz üçün
daha vacib sayırsınız" sualını cavablandıran
respondentlər Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması, işsizliyin və yoxsulluğun azaldılması, qaçqın
və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması
məsələlərini önə çəkmişlər. Sosial təsisatlar bölməsində
rəyi soruşulanlar Prezidentin İcra Aparatının, ordunun
və KİV-lərin fəaliyyətini daha səmərəli hesab etmişlər.
Sorğunun nəticələri göstərmişdir ki, respondentlər
beynəlxalq təşkilatlar arasında Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin, Dünya Bankının və BMT təşkilatlarının
ölkəmizdəki fəaliyyəti barədə nisbətən çox məlumata
malikdirlər.
Bir il ərzində ailədə adambaşına
orta aylıq gəlir də artmışdır. Ötən il bu göstərici
Bakıda 46 dollar, bu il isə paytaxtda 49,50 dollar,
rayonlarda 39,20 dollar təşkil etmişdir. Qafqaz
regionunda bu rəqəm 39,00 dollardır. Respondentlər ailə
büdcəsinin, əsasən, iş yerindən aldıqları əmək haqqı,
müvəqqəti işlər və pensiyalar hesabına yarandığını
bildirmişlər.
|